turkiyede tehsil

Zaman ötdükcə xaricdə təhsil almaq istəyən gənclərin sayı günü-gündən artır. Ancaq sevindirici hallardan biri də odur ki, artıq xaricdə təhsil almaq arzusunu gerçəkləşdirmək o qədər də çətin deyil. Amerika, Avropa, Asiya, Avstraliyada təhsil alan bir çox azərbaycanlı gənclə qarşılaşa bilərsiniz. Bu dəfəki istiqamətimiz isə Avropa ölkələrindən biri olan İtaliya olacaq. Hər il 30.000-dən çox beynəlxalq tələbə İtaliyada təhsil üçün müraciət edir.

Bəs niyə İtaliya?

İtaliya Cənubi-Qərbi Avropada, Apennin yarımadasında yerləşən gözəl bir ölkədir. İtaliyanın tarixi xəzinələri və möhtəşəm mətbəxi əsrlər boyu olduğu kimi indi də ziyarətçiləri cəlb etməyə davam edir. Şimalından Cənubuna İtaliyanın müxtəlif rəngarəng və həyəcanverici şəhərləri var.

İtaliya beynəlxalq tələbələr üçün məşhur bir yerdir. Dünyada ən yüksək təhsil səviyyələrindən birinə sahib olmasına baxmayaraq, daha sərfəli təhsil haqqı ilə gənclərin müraciət etdiyi məşhur ölkələrdən biri olaraq tanınır. Həmçinin maraqlı sosial həyatı və asudə vaxtları səmərəli keçirmək üçün bir çox fəaliyyətlərə sahib olması da onu beynəlxalq tələbələr üçün ideal seçim edir.

İtaliyanın universitetlərində oxumaq

İtaliyada bir neçə kateqoriyaya bölünən təxminən 100 universitet var:

  • Dövlət universitetləri: Bunlar dövlət tərəfindən maliyyələşdirilən dövlət qurumlarıdır və İtaliyada əksəriyyəti təşkil edirlər.
  • Digər dövlət tərəfindən maliyyələşdirilən universitetlər: Dövlətdən daha çox əyalət tərəfindən maliyyələşdirilir.
  • Özəl universitetlər: Dövlət tərəfindən maliyyələşdirilmir.

İtaliyada 137 digər ali təhsil müəssisəsini də tapa bilərsiniz. Bunlar müəyyən sektorlarda ixtisaslaşmış akademiyalardır. Buraya sənət, musiqi və rəqs kollecləri və həmçinin tədqiqata əsaslanan və texniki institutlar daxildir.

İtaliyada təhsil bir neçə ali təhsil səviyyəsinə bölünür. Bakalavr təhsilini başa vurmaq magistr təhsilinə və magistr dərəcəsi qazanmağa yol açır. Bakalavr təhsilləri adətən 3 il, magistr təhsilləri isə 1-2 il davam edir. Magistr təhsillərinizi başa vurduqdan sonra ümumiyyətlə 3 akademik il davam edən bir doktorluq dərəcəsi qazana bilərsiniz.

İtaliyada bir çox beynəlxalq tələbənin özünü çox tez bir zamanda evindəki kimi hiss etməsi bəlkə də təəccüblü deyil. Bolonya Universiteti 1088-ci ildən bəri tələbələri qəbul edir. Minlərlə alimin məzun olduğu və dünyanın ən qədim universiteti olan bu universitetdə oxumaq şansını kim istəməz?

İtalyan universitetləri irsləri və reytinqləri ilə fəxr edirlər. Tor Vergata Roma Universiteti ingilis dilində tədris olunan ondan çox beynəlxalq dərəcə kursu təklif edir. 1982-ci ildə qurulan Tor Vergata, Avropanın ən yaxşı gənc universitetlərindən biri oldu, buna görə də gənclərin İtaliyada təhsil üçün ilk növbədə üz tutduqları universitetlərdən biridir. Universitet həmçinin yüksək tələbə məmnuniyyəti və məzunlarının ortalama iş nisbətlərinin yüksək olması ilə tanınır.

İtaliya eyni zamanda Milandakı nüfuzlu SDA Bocconi də daxil olmaqla Avropanın ən yaxşı biznes məktəblərinə ev sahibliyi edir. MBA proqramları tez-tez qlobal və Avropa reytinqlərində ən yüksək yerləri tutur və bir çox ən yaxşı biznes liderləri də məzunları arasındadır.

İtaliyada təhsil ilə daha yaxından tanış olmaq üçün bəzi məşhur universitetləri və onların reytinq göstəriciləri haqqında qısa məlumata nəzər salaq.

Reytinqlər QS World University Rankings və Times Higher Education World University Rankings rəsmi səhifələrinə istinadən yazılmışdır:

Milan Politexnik Universiteti – QS World University Rankings əsasında 137-ci yeri tutmuşdur və bununla da İtaliyanın ən yaxşı universiteti olaraq qiymətləndirilmişdir. Times Higher Education World University Rankings əsasında 351-400 yer aralığında qərar tutmuşdur.

Bolonya Universiteti – QS World University Rankings əsasında 160-cı yerdə, Times Higher Education World University Rankings əsasında 167-ci yerdə qərar tutmuşdur.

Roma Sapienza Universiteti – QS World University Rankings əsasında 171-ci yerdə, Times Higher Education World University Rankings əsasında 201-250 yer aralığında qərar tutmuşdur.

Padua Universiteti – QS World University Rankings əsasında 216-cı yerdə, Times Higher Education World University Rankings əsasında 251-300 yer aralığında qərar tutmuşdur.

Milan Universiteti – QS World University Rankings əsasında 301-ci yerdə, Times Higher Education World University Rankings əsasında 351-400 yer aralığında qərar tutmuşdur.

Turin Politexnik Universiteti – QS World University Rankings əsasında 308-ci yerdə, Times Higher Education World University Rankings əsasında 501-600 yer aralığında qərar tutmuşdur.

Pisa Universiteti – QS World University Rankings əsasında 383-cü yerdə, Times Higher Education World University Rankings əsasında 401-500 yer aralığında qərar tutmuşdur.

Tor Vergata Roma Universiteti – QS World University Rankings əsasında 511-520 yer aralığında, Times Higher Education World University Rankings əsasında 401-500 yer aralığında qərar tutmuşdur.

Venesiyanın Ca ‘Foscari Universiteti – QS World University Rankings əsasında 751-800 yer aralığında, Times Higher Education World University Rankings əsasında 601-800 yer aralığında qərar tutmuşdur.

Qeyd etmək lazımdır ki, bu göstəricilər hər il dəyişir və universitetin ümumi reytinqindən əlavə oxumaq istədiyiniz ixtisas üzrə də reytinqinə mütləq baxmalısınız. Çünki bəzi universitetlərin ümumi reytinqi aşağı olsa da, məsələn, humanitar yönümlü olaraq ölkənin ən yaxşı universiteti ola bilər və ya ümumi reytinqi yüksək olsa da, mühəndislik ixtisası üzrə reytinqi aşağı ola bilər.

İtaliyada tələbə həyatı

İtaliyada təhsil barədə məlumat əldə etdikdən sonra, tələbələrin buradakı həyatı ilə də yaxından tanış ola bilərik. İtalyanların qonaqpərvər və mehriban olduqları hər kəsə məlumdur. Burada tez bir zamanda yeni yerli dostlar qazanacaqsınız. İngilis dilində təhsil alsanız belə, bu dil akademik kontekstdən kənarda geniş yayılmır. Ölkəyə gəlmədən öncə və burada qaldığınız müddətdə italyan dilində bəzi dərslər almaq sizə mütləq faydalı olacaqdır. Məzun olduqdan sonra İtaliyada qalmağa və işləməyə qərar vermisinizsə, bu xüsusilə doğru bir seçim olacaq.

Reklam
turkiyede tehsil

Mədəni fəaliyyətlərə ənənəvi yerli festivallardan tutmuş böyük beynəlxalq idman tədbirlərinə qədər hər şey daxildir. İtalyan gecə həyatı, xüsusilə şəhərlərdə həmişə canlıdır. Yaz aylarında insanların əksəriyyəti dənizə və ya şəhərdən kənar yerlərə üz tutur. Unudulmaz və cazibədar İtaliya həyat keyfiyyətinin yüksəkliyi üçün hər bir tələbəyə xüsusi dəyər verir.

İtaliyada yaşam xərcləri

İtaliyada təhsil öz yüksək keyfiyyəti ilə artıq hamımıza məlum oldu, bəs yaşam xərcləri? Roma və ya Milan kimi böyük şəhərlərdə ev və yaşayış xərcləri nisbətən yüksək ola bilsə də, kiçik şəhərlərdə yaşamaq daha ucuz və sərfəlidir. Ümumiyyətlə, ən bahalı şəhərlər: Roma, Milan, Bolonya; daha ucuz şəhərlər: Pisa, Padua və ya Turin sayılır.

Qeyd etmək lazımdır ki, daha böyük və nüfuzlu universitetlər yaşayış üçün bir yer tapmağınıza sizə kömək edəcək xidmətlər təklif edirlər. Buna universitetə məxsus mənzillər və ya uyğun xüsusi mənzil tapmaqda kömək göstərmək daxildir. İtaliyada icarə ən bahalı seçimdir, buna görə büdcə ayırdığınızdan əmin olmalısınız.

İtaliyadakı beynəlxalq tələbələr üçün ümumi yaşayış xərcləri ayda 700-1000 avro arasında dəyişir. Bu xərclərə yaşayış, yemək, ictimai nəqliyyat, yerli səyahət və / və ya əyləncə daxildir. Bu məbləğdən mənzil üçün ayda təxminən 300-600 avro arasında ödəməyi nəzərdə tutmalısınız, bu qiymət də tək və ya otaq yoldaşları ilə yaşamağınızdan asılı olaraq dəyişir.

Statistik göstəricilər

Əldə etdiyimiz statistikalara əsasən müqayisə etsək İtaliyada Azərbaycanla müqayisədə yaşayış xərclərini belə dəyərləndirə bilərik (bu qiymətlər son olaraq 01 dekabr 2020-ci ildə yenilənmişdir):

  • Qida: +127%
  • Mənzil: +194%
  • Paltar: +26%
  • Nəqliyyat: +81%
  • Fərdi qulluq: +113%
  • Əyləncə: +78%
  • Ümumi olaraq yaşayış İtaliyada Azərbaycandan +110% daha bahalıdır.

Bir başqa mənbədən daha geniş və ətraflı statisikaya nəzər salsaq:

  • İtaliyada istehlak qiymətləri Azərbaycandan 133,14% yüksəkdir (kirayə qiymətləri olmadan)
  • İtaliyada kirayə qiymətləri Azərbaycandan 146,08% yüksəkdir
  • İtaliyada restoran qiymətləri Azərbaycandan 157,43% yüksəkdir
  • İtaliyada ərzaq məhsullarının qiymətləri Azərbaycandan 135,40% yüksəkdir
  • İtaliyada yerli alıcılıq gücü Azərbaycandan 127,79% yüksəkdir

Həmin mənbədən bir də hər iki ölkənin paytaxt şəhərləri olan Roma və Bakının müqayisəsinə baxsaq:

  • Romadakı istehlak qiymətləri Bakıdan 139,53% yüksəkdir (kirayə qiymətləri olmadan)
  • Romadakı kirayə qiymətləri Bakıdan 255,21% yüksəkdir
  • Romadakı restoran qiymətləri Bakıdan 147,90% yüksəkdir
  • Romadakı ərzaq məhsullarının qiyməti Bakıdan 146,77% yüksəkdir
  • Romadakı yerli alıcılıq gücü Bakıdan 83,43% yüksəkdir

İtaliyada təhsil haqqı

İtaliyada təhsil haqqına gəldikdə isə deyə bilərik ki, bu, İtalyan universitetlərinin hər birində fərqlidir, lakin ümumiyyətlə Avropanın və ya Şimali Amerikanın digər bölgələrindən daha aşağıdır. Bu da İtalyan universitetlərini xarici tələbələr üçün daha cazibədar bir təklif halına gətirir.

Dövlət universitetlərində təhsil haqqı:

Avropadakı digər ölkələrlə müqayisədə İtaliyanın dövlət universitetləri də nisbətən ucuzdur. İtaliyadakı dövlət universitetləri təhsil haqlarını intizama və dərəcə növünə (Bakalavr, Magistr, Doktora) əsasən təyin edirlər. Orta hesabla təhsil haqqı 0 – 5.000 AVRO / tədris ili arasındadır. Ən yaxşı reytinqli universitetlər daha bahalı universitetlərdir. AB / AİB üzvü olmayan bir tələbəsinizsə, bəzi təhsil proqramları daha yüksək təhsil haqqı tələb edə bilər.

Özəl universitetlərdə təhsil haqqı:

İtaliyadakı özəl universitetlər ümumiyyətlə dövlət universitetləri ilə müqayisədə daha yüksək təhsil haqqı alır və əksəriyyəti həm AB, həm də AB / AİB xaricində olan tələbələr üçün eyni ödənişlərə sahibdir. Xüsusi universitetlərdə orta təhsil haqqı ildə 3000-35000 AVRO arasında dəyişir.

Ən yüksək səviyyəli İtalyan universitetlərində orta təhsil haqqına ümumi nəzər salsaq görərik ki:

  • Scuola Superiore Sant’Anna – orta təhsil haqqı 4.000 AVRO / il
  • Bolonya Universiteti – orta təhsil haqqı 3.000 AVRO / il
  • Padua Universiteti – orta təhsil haqqı 2.600 AVRO / il
  • Milan Politexnik Universiteti – orta təhsil haqqı 3.900 AVRO / il
  • Trento Universiteti – orta təhsil haqqı 4.000 AVRO / il

İtaliyada təqaüd ilə təhsil almaq imkanı

İtaliyadakı təqaüdlərin əksəriyyəti hökumət və ya universitetlər tərəfindən təklif olunur. Burada əhsilinizi maliyyələşdirməyə kömək edəcək seçimlər çoxdur. Bütün tələbələr (yerli və beynəlxalq tələbələr) maddi yardım üçün müraciət edə bilərlər. Bu təqaüd maddi vəziyyətinizə və ya akademik göstəricilərinizə görə sizə veriləcəkdir. Təqaüd qazandığınız təqdirdə bu təhsil haqqı, yaşayış haqqı və digər yaşayış xərclərinə kömək edə bilər. Sizə hansı maliyyə dəstəyi təklif edə biləcəkləri barədə məlumat üçün seçdiyiniz universitetlə əlaqə saxlaya bilərsiniz.

Bəzi İtalyan universitetləri beynəlxalq tələbələr üçün təqaüd proqramları təklif edir:

Bu universitetlərdəki təqaüdlər ümumiyyətlə ildə 5.000 ilə 12.000 AVRO arasında dəyişir. (Qeyd: Hər bir universitetin adına klikləyərək universitetin təqdim etdiyi təqaüdlər barədə məlumat olan səhifəyə keçid ala bilərsiniz)

Part-time iş tapmaq İtaliyadakı təhsilinizi maliyyələşdirməyə kömək etmək üçün əla bir yoldur. Bir AB tələbəsi olaraq əlavə icazə olmadan işləyə bilərsiniz. AB üzvü olmayan bir tələbə olaraq, oxuduğunuz müddətdə ödənişli bir işə icazə almalısınız. İşləməyinizə icazə verilirsə, həftədə yalnız 20 saat işləyə bilərsiniz. Bu da o deməkdir ki, təhsilinizi maliyyələşdirmək üçün buna etibar etməməlisiniz. İşləmək istəsəniz, bəzi italyan dili biliklərinə malik olmağınız daha yaxşı olar.

İtaliya ilə bağlı digər məqalə ilə tanış olmaq üçün buraya klikləyə bilərsiniz:

İtaliyada Bakalavr və Magistr Təhsili

Reklam
turkiyede tehsil

0/5 (0 Reviews)